(+99412) 533-06-34 info@almazakademie.az

 İsveçrənin Davos şəhərində Avropada cərrahiyyə üzrə ən reytinqli kurs sayılan və 7-12 Aprel 2018-ci il tarixlərində keçirilən 35-ci Davos Qastrointestinal Cərrahiyyə kursları bu gün başa çatmışdır. Kurslarda Almaniya, İsveçrə, Avstriya və Skandinaviya ölkələrindən gəlmiş 400-ə yaxın iştirakçıya cərrahiyyənin fundamental prinsipləri ilə yanaşı, həm də ən yeni texnologiyalar, onlardan istifadə qaydaları, cərrahiyyədə istifadə edilən ən müasir texnikalar öyrədilmiş, maraqlı mühazirə və diskussiyalar təşkil edilmişdir. Kursun ekspert və treynerlərindən biri də azərbaycanlı cərrah, akad M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümov olmuşdur.

    11 Apreldə Davos Kursu fakültəsinin, Beynəlxalq Cərrahlar Cəmiyyəti və İngiltərənin Cərrahlar Cəmiyyətinin ( Royal College of Surgeons)  də nümayəndələrinin iştirakı ilə toplantısı keçirilmişdir. Toplantıda , Beynəlxalq Cərrahlar Cəmiyyəti ilə birlikdə  Azərbaycandan və bütün region ölkələrindən gələcək iştirakçılar üçün Davos Kurslarının təşkil edilməsi barədə qərar qəbul edilmişdir. Müzakirələr zamanı professor Q.Müslümov Azərbaycanda belə kurslar üçün mövcud olan ən müasir infrastruktur və bu tip kursların təşkil edilməsində yerli təcrübə barədə  fakültə üzvlərinə məlumat vermişdir. Digər region ölkələrinin də bu kurslara ev sahibliyi etmək iddiasına baxmayaraq, kursların məhz regionun ən inkişaf etmiş ölkəsi və bütün ölkələrin nümayəndələrinin həvəslə toplaşa biləcəyi məkan kimi Bakıda keçirilməsi qərara alınmışdır.

    26-29 Aprel tarixlərində Bakıda keçiriləcək 4-cü Azərbaycan-Alman-Türk Tibb Konqresinə qatilacaq Davos Kurslarının Prezidenti, professor Peter Vogelbach və Davos Kursları və Ümumdünya Cərrahlar Cəmiyyətinin isveçrəli həmsədri professor Dieter Hahnloserin iştirakı ilə kursun dəqiq keçirilmə vaxtı və təşkilati məsələləri barəıdə müzakirələr aparılacaqdır.Ümid edirik ki, azərbaycanlı   gənc cərrahlarımız üçün belə reytingli kurslara qatılmaq və birbaşa Avropanın aparıcı Cərrahi Universitet Klinikalarının direktorlarından yeni cərrahi texnikaları öyrənmək şansını vermək mümkün olacaqdır.